Cenubtv.az xəbər verir ki, Bakıda təşkil olunacaq UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunun "Sabah" və "Barselona" komandaları arasındakı qarşılaşmanı idarə edəcək ədalət təmsilçiləri müəyyənləşib.
Oyun Şotlandiyadan olan hakimlər briqadasına həvalə edilib. Matçın baş hakimi qismində FIFA referisi Nikolas Uolş meydana çıxacaq.
Təcrübəli referiyə yan xəttlərdə Frensis Konnor və Deniel Makfarleyn kömək edəcəklər. Görüşün dördüncü hakim funksiyasını isə Donald Robertson yerinə yetirəcək.
Digər tərəfdən, matçın VAR sistemində işləyəcək hakimlər də dəqiqləşib. Endryu Dallas VAR hakimi, Stiven Maklin isə onun köməkçisi (AVAR) təyin olunub.
Xatırladaq ki, "Sabah" və "Barselona" kollektivlərinin üz-üzə gələcəyi bu maraqlı qarşılaşma noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Matçın start fit səsi saat 21:45-də səslənəcək.





