Cenubtv.az xəbər verir ki, Mercedes-Benz şirkəti nadir avtomobillərindən biri olan C111-II prototipini Parisdəki Luvr Muzeyində keçiriləcək hərracda satışa təqdim etməyi planlaşdırır.

Hərracda başlanğıc qiyməti 25 milyon avro olaraq müəyyən edilən Car 33 adlı prototip nümayiş olunacaq. Bu nəqliyyat vasitəsi 345 at gücünə malik Wankel fırlanan mühərriklə təchiz edilib və saatda 300 kilometr sürət yığmaq qabiliyyətinə malikdir.

Tarixi avtomobil ilk bloklanma əleyhinə əyləc sistemlərinin sınaqlarında istifadə olunub və 1971-ci ildə dirijor Herbert fon Karayanın istifadəsinə verilib. 1969-cu ildə kolleksiyaçılar Ştutqarta boş çeklər göndərsələr də, şirkət həmin vaxt avtomobilləri satışdan imtina etmişdi.

2027-ci ilin fevralında baş tutması nəzərdə tutulan hərracdan əldə edilən gəlir muzeyin təmirinə sərf olunacaq. Eyni zamanda, alıcıya növbəti 25 il ərzində başqa heç bir C111 modelinin satışa çıxarılmayacağına dair təminat veriləcək.