Cenubtv.az xəbər verir ki, Britaniya hüquq-mühafizə orqanları tərəfindən 41 yaşlı ABŞ hərbi qulluqçusu saxlanılıb. Əməliyyat noyabrın 10-da Skotland-Yardın terrorla mübarizə bölməsi tərəfindən Qloster şəhərində reallaşdırılıb.

Araşdırma MI-5 əks-kəşfiyyatı, Böyük Britaniya Müdafiə Nazirliyi, eləcə də ABŞ hakimiyyəti, ordusu və Federal Təhqiqatlar Bürosu ilə sıx əməkdaşlıq çərçivəsində aparılır. İstintaq tədbirləri çərçivəsində Qlosterşir qraflığında iki ünvanda axtarışlar həyata keçirilib.

Saxlanılan şəxs qorunan məlumatların əldə olunması, yayılması və xarici kəşfiyyata yardım edilməsi əməllərində şübhəli bilinir. İstintaq materiallarına əsasən, işin arxasında dayanan əsas ölkə Rusiyadır.

FTB direktoru Keş Patel bu hadisənin həm Vaşinqton, həm də müttəfiq ölkələr üçün ciddi narahatlıq doğurduğunu qeyd edib. Hələlik adı gizli saxlanılan şübhəli şəxs London bölmələrindən birində saxlanılır və araşdırma davam edir.