Cenubtv.az xəbər verir ki, Çinin Nankin şəhərində təşkil olunan batut gimnastikası və tamblinq üzrə 39-cu Dünya çempionatında uğurla çıxış edən Azərbaycan yığmasının üzvləri ölkəmizə qayıdıblar.
Nümayəndəheyətimiz mötəbər turniri ümumilikdə üç medalla başa vurub. Belə ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət tamblinq komandamız ardıcıl üçüncü dəfə dünya çempionu adını qazanıb.
Bundan başqa, batut gimnastikası üzrə qarışıq sinxron proqramda qüvvəsini sınayan Selcan Mahsudova və Maqsud Mahsudov ilk dəfə gümüş medala sahib çıxıblar. Həmçinin tamblinqçimiz Tofiq Əliyev fərdi proqramda da gümüş medalla mükafatlandırılıb və bu, onun üçün karyerasında bir ilk olub.
İdmançılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, idman ictimaiyyətinin və federasiyanın təmsilçiləri, eləcə də media nümayəndələri təntənəli şəkildə qarşılayıblar.





