Cenubtv.az xəbər verir ki, Bordo Universitetinin tədqiqatçıları xroniki tənhalığın 65 yaşdan yuxarı şəxslərdə demensiya riskini 38 faiz artırdığını müəyyən ediblər. Otuz il ərzində davam edən elmi iş 1988-2018-ci illəri əhatə edib və minlərlə insanın sağlamlıq göstəricilərini izləyib.

Araşdırma zamanı iştirakçılar tənha olmamaq, vaxtaşırı və ya xroniki tənhalıq yaşamaq meyarları üzrə qruplara ayrılıblar. Məlum olub ki, davamlı tənhalıqdan əziyyət çəkənlərin 49 faizində yaddaş zəifliyi inkişaf edib və müvəqqəti tənhalığın bu riski artırmadığı qeydə alınıb.

Mütəxəssislərin qənaətinə görə, uzunmüddətli tənhalıq orqanizmdə xroniki stress yaradır və immun sistemini zəiflədərək iltihabi prosesləri gücləndirir. Eyni zamanda, bu vəziyyət fiziki aktivliyin azalmasına və qeyri-sağlam həyat tərzinə səbəb olur.