Cenubtv.az xəbər verir ki, son dövrlərdə bəzi pambıq tədarükçüsü şirkətlərə məhsul təhvil verən fermerlərin ödəniş gecikmələri ilə bağlı müraciətləri yenidən gündəmə gəlib.

Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyində bir qrup pambıq istehsalçısı qəbul olunub, onların qaldırdığı məsələlər dinlənilib və mövcud vəziyyət izah edilib.

Nazirlikdən bildirilib ki, ölkədə bu sahədə münasibətlər "Müqaviləli əkinçilik" modeli əsasında tənzimlənir və tərəflərin öhdəlikləri imzalanmış sənədlərlə müəyyənləşdirilir.

Qeyd olunub ki, dövlət tərəfindən nəzərdə tutulan məhsul subsidiyaları fermerlərə tam ödənilib, lakin özəl şirkətlər olan tədarükçülərlə yaranan borc mübahisələrinə Nazirlik müdaxilə səlahiyyətinə malik deyil.

Problemin hüquqi müstəvidə həlli üçün tərəflərin məhkəməyə müraciət etmək hüququ var və qurum tərəfindən şirkətlərə öhdəliklərin vaxtında yerinə yetirilməsi ilə bağlı tövsiyələr verilir.