Cenubtv.az xəbər verir ki, Kolumbiyanın Kartagena şəhərindəki ticarət mərkəzində yerləşən supermarketə hücum edən silahlı şəxslər 25 nəfəri girov götürüblər.
Məlumata görə, basqınçılar əvvəlcə pul daşıyan avtomobili qarət etməyə cəhd göstəriblər, lakin təhlükəsizlik kameraları vasitəsilə planları pozulduqdan və polislər əraziyə gəldikdən sonra mağazaya daxil olublar.
Hadisə zamanı girov götürülənlərdən yaşlı qadınlar olmaqla beş nəfər artıq sərbəst buraxılıb, qalanların isə əlləri bağlanaraq pəncərə önündə əyləşməyə məcbur edildiyi qeyd olunub.
Yerli medianın yaydığı məlumata əsasən, hücum edən şəxslər girovların azad olunması müqabilində təxminən iki milyon dollar tələb edirlər.
Bölgəyə xüsusi təyinatlılar, dəniz piyadaları, snayperlər və helikopterlər cəlb olunub, həmçinin təhlükəsizlik tədbirləri çərçivəsində şəhərin beynəlxalq hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.





