Cenubtv.az xəbər verir ki, İstanbulun Sarıyer rayonunun Uskumruköy məhəlləsində dişi aslanın sərbəst dolaşması bölgədə böyük narahatlıq yaradıb.

Axşam saatlarında Təhlükəsizlik İdarəsinin kameralarına düşən kadrlarda yırtıcı heyvanın küçələrdə hərəkət etdiyi aydın görünub.

Məlumat yayıldıqdan dərhal sonra İstanbul İl Jandarma Komandanlığı, Milli Parklar Şöbəsi və bələdiyyə qrupları əraziyə cəlb olunaraq genişmiqyaslı axtarışlara başlayıblar.

Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsi tərəfindən bölgəyə termal kameralı xüsusi dəstələr göndərilib, həmçinin yerli sakinlərə təhlükəsizliklə bağlı ciddi xəbərdarlıqlar edilib.

Aparılan intensiv tədbirlər nəticəsində yırtıcının meşəlikdə yeri müəyyənləşdirilib və mütəxəssis baytarların iştirakı ilə onun zərərsizləşdirilərək tutulması istiqamətində əməliyyat davam etdirilir.