Cenubtv.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı gələcək dövrdə Azərbaycan ilə birgə fəaliyyət üçün 11 prioritet istiqamət müəyyənləşdirib. Bu barədə qurumun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbərinin proqram üzrə köməkçisi Bariz Mehdiyev Bakıdakı konfransda məlumat verib.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlarla mütəmadi müzakirələr aparılır. Agentliklərlə əməkdaşlığın növbəti beş ildə də davam etdirilməsi nəzərdə tutulur və hazırda FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının birinci fazasının yekunlaşdırılaraq ikinci mərhələyə başlanılması planlaşdırılır.
Rəsmi şəxs qeyd edib ki, təşkilat yalnız kənd təsərrüfatı qurumları ilə deyil, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Qida Təhlükəsizliyi Agentliyi ilə sıx işləyir. Eyni zamanda, akademik sektorla əlaqələrə xüsusi diqqət yetirilir və bir sıra ali təhsil müəssisələri ilə anlaşma memorandumlarının imzalanması nəzərdə tutulub.
Bariz Mehdiyev iqlim dəyişiklikləri və qlobal zəncir problemləri fonunda kənd təsərrüfatının çətin şəraitdə işlədiyini vurğulayıb. O, bitki sağlamlığının qorunması, zərərvericilərlə inteqrə olunmuş mübarizə, bioloji vasitələrin tətbiqi və erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.





