“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn tədbirlərin icrası ilə bağlı yaradılmış qərargahın iclası keçirilmişdir
Read Time:1 Minute, 12 Second
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn tədbirlərin Cəlilabad rayonunda icrası ilə əlaqədar Rayon İcra Hakimiyyətində yaradılmış qərargahın iclası keçirilib.
İclasda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, qərargah üzvləri, aidiyyəti idarə, təşkilat rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak edib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək bildirib ki, ölkə rəhbərliyi tərəfindən təsdiq edilən bu strateji Dövlət Proqramı regionlarda intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və aqrar sektorun rəqabətqabiliyyətliliyinin artırılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Rayon ərazisində əkinəyararlı torpaq sahələrinin uçotunu dəqiqləşdirməsi, kənd təsərrüfatına yararlı bütün torpaq sahələrində, o cümlədən iri fermer təsərrüfatlarında və aqroparklarda əkin işlərinin vaxtında və keyfiyyətlə aparılması, taxıl, kartof, çiyələk və üzüm məhsulları üzrə məhsuldarlığın artırılması istiqamətində zəruri tədbirlər görməlidir. Su itkilərinin azaldılması, suvarma suyundan səmərəli istifadənin təmin edilməsi və kənd təsərrüfatı bitkiləri üzrə məhsuldarlığın artırılması məqsədilə müasir suvarma sistemlərinin tətbiqi istiqamətində tədbirlər həyata keçirilməli, rayonda heyvandarlıq sahəsinin inkişaf etdirilməsi, mal, qoyun və quş əti, süd və yumurta istehsalının artırılması, habelə məhsuldarlığın yüksəldilməsi istiqamətində müvafiq tədbirlər görülməlidir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Dövlət Proqramından irəli gələn tədbirlərin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi, aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və sahibkarlıq subyektləri ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

![]()
Average Rating