Cenubtv.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 13-də Vaduts şəhərində keçirilən Lixtenşteyn – Azərbaycan qarşılaşmasından sonra mətbuat konfransında iştirak edib.

O bildirib ki, rəqibin əvvəlki matçda onlardan xal aldığını bilərək səfərdə sıx müdafiə olunan komandaya qarşı erkən qol vurmağı planlaşdırıblar. Matçın ilk dəqiqələrində təhlükəli hücumlar təşkil edilsə də, futbolçulardakı həddindən artıq qələbə istəyi və tələskənlik epizodların daha rahat tamamlanmasına mane olub.

Əsas hədəflərinin turnirdə birinci yeri tutmaq olduğunu vurğulayan mütəxəssis gələcək mövsümlərdə D Liqasının keçirilmə ehtimalı olmasa belə, C Liqasına yüksəlməyin çox vacib olduğunu qeyd edib. O, gərgin çempionat fonunda diqqəti milli komandaya yönəldərək qələbə qazanan oyunçulara təşəkkürünü çatdırıb.

Sonda qarşıda Andorra ilə yoldaşlıq görüşünün olduğunu xatırladan baş məşqçi həmin matçda bütün futbolçulara şans verməyə çalışacaqlarını və yeni dəvət olunan oyunçuların millinin ab-havasını hiss etməsinin vacibliyini diqqətə çatdırıb.