Cenubtv.az xəbər verir ki, Avropanın ağır yükdaşıyan "Ariane 6" raketi "Amazon Leo" peyk internet sisteminə məxsus 36 peyki aşağı Yer orbitinə uğurla yerləşdirib. Bu barədə "Arianespace" şirkəti məlumat yayıb.

Buraxılış Fransa Qvianasındakı Kuru kosmodromundan baş tutub. Son peyklərin təxminən 460 kilometr yüksəklikdə ayrılması ilə yekunlaşan uçuş ümumilikdə 2 saat 4 dəqiqə davam edib.

Qeyd olunan missiya "Ariane 6" raketinin istismara verildiyi dövrdən bəri 10-cu, cari ildə isə beşinci uğurlu buraxılışı kimi qeydə alınıb. İlin əvvəlindən bu yana şirkət orbitə ümumilikdə 136 "Amazon Leo" peyki çıxarıb.

Tərəflər arasındakı müqavilə 24 buraxılışı əhatə edir və bunlardan altısı 2026-cı ilin sentyabrında əlavə olaraq sifariş edilib. Xatırladaq ki, yeni nəsil "Ariane 6" əvvəlki illərdə istifadə olunan "Ariane 5" raketlərini əvəz edib.

Raketin iki müxtəlif versiyası mövcuddur. İki bərk yanacaq gücləndiricisi olan "Ariane 62" aşağı Yer orbitinə 10,3 tona qədər, dörd gücləndiricili "Ariane 64" isə 21,6 tona qədər faydalı yük daşıya bilir.