Ötən gün Azərbaycanda ilk dəfə Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarılıb.

Xəbər verdiyimiz kimi hərraca üç Qarabağ atı – “Sahil”, “Zilaxar” və “Sultan” – çıxarılıb. Onlara müvafiq olaraq beş min, yeddi min və otuz min manat qiymət qoyulub. Atlardan ikisi – “Sahil”, “Zilaxar” öz yeni sahiblərini tapsa da, “Sultan” adlı at elə öz sahibində qalıb. Atların satışı son qiymətə uyğun rəsmiləşdirilib və onlar sığortalanaraq sahiblərinə təhvil verilib.

İlk olaraq altı atın hərrac yolu ilə satışa çıxarılması planlaşdırılıb. Hərracın birinci günü iki at satılıb.

Hərracda start qiyməti 5000 manat olan “Sahil” adlı atı 5 500 manata alan Tərtər bölgəsində təsərrüfatla məşğul olan Habil İbrahimov deyir ki, bir neçə atı olsa da, Qarabağ cinsindən olan atı olmayıb:Hərracda start qiyməti 5000 manat olan “Sahil” adlı atı 5 500 manata alan Tərtər bölgəsində təsərrüfatla məşğul olan Habil İbrahimov deyir ki, bir neçə atı olsa da, Qarabağ cinsindən olan atı olmayıb:

“10 ildən artıqdır təsərrüfatla məşğulam. Yerli at cinslərimiz olub, lakin Qarabağ cins atı ilk dəfədir alıram. Hərraca gələndə düşünmürdüm ki, bu atlardan birinin sahibi ola bilərəm. Amma çox sevindim ki, büdcəmə uyğun qiymətlə bu gözəl ata sahib oldum. Gələcəkdə bu kimi hərraclarda yenidən iştirak edib, yeni atlar almaq istəyərəm”.

Start qiyməti 7000 min olan “Zilaxar” adlı Qarabağ atını 7500 manata alan yeni sahibi Orxan Qardaşxanov sahibkar olsa da, at həvəskarıdır:

“Atları sevirəm. Qarabağ atı olduğu üçün bu atı almaq istədim. Sırf özüm üçün almışam. Daha əvvəl xarici cins bir atım olub, onu satmışam. Bu atı satmaq məqsədilə almıram, hədiyyə də verməyi düşünmürəm. İmkan daxilində növbəti hərraclara da qatılmağı düşünürəm. Bu qiymət bu cür atlar üçün çox azdır”.

Qiyməti ilə əl yandıran “Sultan” adlı atın sahibi Sərxan Tağıyev 30 min manat ilkin qiymət qoyduğu atın keyfiyyətlərinin digərlərindən üstün olduğunu deyir:

“Mən “Sultan” atını keçən il almışam. Bu atların hər üçü Cıdır mövsümünün açılışına tam hazırdılar, 4-5 yaşlı atlardır. Atların baxımları fərqli olur, cıdır atı olduğu üçün onların baxımı da tam başqadır. “Sultan” atının qiymətinin baha olmasına səbəb onun rənginin gözəlliyi və əzələ quruluşundan asılıdır. Bir atın baxımı heç də ucuz başa gəlmir. Atçılıq beynəlxalq standartlara cavab verən elit idman növlərindəndir. Özüm dördüncü növ məşqçiyəm. Bu peşə bizə dədə-babadan qalıb. Bu atları həvəskarlar minə bilməzlər, mütləq təlim keçmiş atçılar minməlidirlər. Dünyada hər at öz cinsi ilə yarışır. Bu, saf, təmiz Qarabağ atıdır, bu bir irsdir. Biz bunu təmiz şəkildə qorumalıyıq”.

Qobustan Heyvandarlıq Nümayiş Kompleksində keçirilən hərracda iştirak üçün çoxsaylı müraciətlər daxil olub. İki həftə əvvəl auksionla bağlı verilən elandan dərhal sonra hərracı izləmək istəyən şəxslər, sahibkarlar, at həvəskarları bununla maraqlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatlarının yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır:

“Bildiyiniz kimi ölkədə heyvanların satışına, yerli və xaricdən gətirilən damazlıq heyvanların satışına dövlət tərəfindən dəstək verilir. Belə ki, satılan heyvanların 60 faiz dəyəri dövlət tərəfindən ödənilir. Məsələn, əgər bir heyvanın qiyməti 2 min manatdırsa, fermer onun 800 manatını ödəyərək həmin heyvana sahib ola bilir. Qalan 1200 manat dövlət tərəfindən ödənilir. Nəticə etibarilə bu da dövlət dəstəyinin göstəricisidir”.

Xatırladaq ki, Qobustan Heyvandarlıq Nümayiş Kompleksi həftə içi beş gün, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Kompleksdə texnika, heyvanlar və satış haqqında məlumatın verilməsi üçün mərkəzlər də fəaliyyət göstərir.

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir