“Almaniya Aİ-nin Ukraynanın yüksək texnologiyalı tanklarla təmin edilib-edilməməsi ilə bağlı yekun qərarını təxirə salır”.
Cenubtv.az xəbər verir ki, bu barədə “Politico” nəşri öz mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Almaniyanın Vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek və xarici işlər naziri Annalena Burbok tərəfindən irəli sürülən planda təxminən 100-ə yaxın tankın Ukraynaya verilməsi nəzərdə tutulub. Bu həftə isə məsələ ilə bağlı yekun qərarın veriləcəyi gözlənilirdi.
Lakin Almaniya kansleri Olaf Şolts bir neçə yüksək vəzifəli məmurun təzyiqinə baxmayaraq, Rusiya ilə müharibədə Ukraynaya kömək məqsədi ilə Kiyevə göndərilməsi nəzərdə tutulan tanklarla bağlı qərarı təxirə salmaqda israrlı olub.
Almaniya kansleri bu qərarın Qərb müttəfiqləri ilə ortaq mövqeyə gəldikdən sonra tətbiq edilə biləcəyini açıqlayıb:
“Hesab edirəm ki, məhz bu məsələdə Almaniyanın xüsusi rol oynaması və xüsusi yol tutması ciddi səhv olardı”.
Qeyd edək ki, NATO xarici işlər nazirləri çərşənbə və cümə axşamı Ukraynaya hərbi dəstəyi müzakirə ediblər, lakin tankların tədarükü ilə bağlı hər hansı təfərrüat açıqlamayıblar. Almaniya Ukraynanı tankəleyhinə zenit-raket kompleksləri ilə təmin etmək barədə fevralda qərar alıb. Lakin sonra Ukrayna əsgərlərinin onlardan istifadəni öyrənməsinin həftələr, hətta aylarla keçiriləcək təlimlər vasitəsi ilə mümkün olacağını əsas gətirərək qərarı təxirə salıb.
Xatırladaq ki, ötən gün Almaniya Avropa İttifaqının beşinci sanksiya paketinə daxil olan Rusiyadan kömür idxalı qadağasını da iyul ayından avqust ayına ertələdib.