Cəlilabad Kənd məktəbinin yetişdirdiyi uğurlu qardaşlar”
Cəlilabad rayon Seymur Səfərov adına Adnalı kənd tam orta məktəbinin rəhbərliyinə və müəllim heyətinə!
Bu gün bir valideyn olaraq qəlbimiz böyük fərəh və qürur hissi ilə döyünür. Övladlarımız — Həsənov Kənan Qılman oğlu və Həsənov Sübhan Qılman oğlu oxuduqları Adnalı kənd tam orta məktəbini başa vuraraq, 11-ci sinfin yekun qəbul imtahanlarında çox yüksək nəticələr göstərmiş və bizə bu əvəzolunmaz sevinci yaşatmışlar.
İki qardaşın eyni vaxtda, çiyin-çiyinə imtahanlara böyük məsuliyyətlə hazırlaşaraq belə uğurlar qazanması ailəmiz üçün sonsuz bir fəxrdir. Övladlarımızdan:
* Kənan Həsənov imtahanda 4-cü qrup üzrə 670 bal toplayaraq öz arzusuna doğru nəhəng bir addım atmışdır.
* Sübhan Həsənov isə 3-cü qrup üzrə 422 bal yığaraq gələcək uğurlarının möhkəm təməlini qoymuşdur.
Bu yüksək ballar təkcə uşaqlarımızın deyil, ilk növbədə onlara elmin sirlərini öyrədən, hər bir şagirdə öz doğma övladı kimi yanaşıb gecə-gündüz zəhmət çəkən fədakar müəllimlərinin əməyinin bəhrəsidir.
Bu gün Sübhan və Kənanın belə gözəl uğurlarına sevinərkən, onların üzərində ilk cığırı açan, təməli qoyan insanı — ilk müəlliməsini unutmaq olmaz! Övladlarımıza ilk dəfə qələm tutmağı, hərf yazmağı öyrədən, qəlblərinə elm və məktəb sevgisini aşılayan dəyərli müəlliməmiz Tayfa Həsənovaya ailəmiz adından böyük, sonsuz minnətdarlığımızı bildirir, ona dərindən “Çox sağ olun!” deyirik. İlk müəllimin zəhməti gələcək bütün uğurların işıqlı başlanğıcıdır.
Kənd məktəbimizdə bu cür yüksək səviyyəli təhsil mühiti yaratdıqları və övladlarımızı gələcəyə belə güclü hazırladıqları üçün məktəb kollektivinə minnətdarıq.
Başda məktəbimizin hörmətli direktoru Xalidə Hüseynova olmaqla, Kənanın müəllimləri — Rafət müəllimə, İlqar müəllim, Ruslan müəllim, Xəyalə müəlliməyə, eləcə də Sübhanın müəllimləri — İlqar müəllim, Xəyalə müəllimə, Mehbarə müəllimə və Xalidə müəlliməyə övladlarımızın yetişməsində göstərdikləri sonsuz diqqət, qayğı və verdikləri dərin savada görə ailəmiz adından dərin təşəkkürümüzü çatdırırıq.
Zəhmətiniz hər zaman uca, uğurlarınız daimi olsun!
Hörmətlə, Sübhan və Kənanın valideynləri

![]()
Average Rating