Ədalət  SALMAN

 

TƏKİ VƏTƏN YAŞASIN

 

            Qarabağ döyüşlərində

            əlil olmuş igidlərimizə

 

Siz- düşmən bağrına sancılan bir ox,

Siz- elin dayağı, yurdun sipəri.

Biz sizi tanıda bilməmişik, yox,

Siz Allah, əfv edin biz şairləri!

 

Mən düşkün görmədim sizi heç vədə,

Qolunu, qıçını itirən də var.

Döyüşdən dönəndə öz bədənində

Güllə qəlpələri gətirən də var.

 

Siz ey sinəsini sipər edənlər,

Ölümün üstünə mərd tək gedənlər.

Sarsılmaz dəyanət gördüm mən sizdə,

Yarı canınızı itirsəniz də!

 

Sağkən qiymətiniz verilməlidi,-

Qoy sizə qəhrəman adını verək!

Sizə söz çələngi hörülməlidi,

Sağkən heykəliniz qoyulsun gərək!

 

Heç nə qıra bilməz inadınızı,

Bir gün xoş müjdəni tarixə yazın.

Siz qurban verdiniz həyatınızı,

Təki yurd yaşasın, Vətən yaşasın!

 

Qələbə eşqi var dağ köksünüzdə,

Siz yenə keşikdə durmusuz ayıq,

Döyüşə gedəndə başımız üstə

Biz sizi bayraq tək qaldırmalıyıq!

 

NECƏDİ

 

           Qələm dostumuz  Beyləqanlı

         Hidayət Ağalara ağrılı məktub

 

Ay şair, qoy səndən bir xəbər alım,

O sizin tərəflər – Aran necədi?

Şeirdir şairin qaymağı, balı,

Şerə xor baxanla aran necədi?

 

Yıxır haqq dünyada haqsızlıq bizi,

De, çərxi-fələyin nədir qərəzi?

Şeytan əlindədir mizan tərəzi,

Çəkən  pis gündədir, alan necədi?

 

Zaman məngənə tək qananı sıxır,

Eşidən tapılmaz ha qışqır, çığır.

Hər gün də ekrana bir məddah çıxır,

Söyləyir üzünə yalan, necədi?

 

Orda da qarğalar darğalıq edir,

Orda da vəzifə davası gedir?

Orda kim əl tutur, kim haya yetir,

Deyən var, ay kasıb, balan necədi?

 

Kimlər yağ içində böyrək tək üzüb

Şairə, şeirə hey dodaq büzüb.

Bilərmi, bəndədən əlini üzüb,

Allah ümidinə qalan necədi?

 

Dövran başımızı sözlə qatıbsa,

Bəs şair neyləsin, bəxti yatıbsa.

Kredit paylayan banklar batıbsa,

Gör borca özünü salan necədi?

 

Şairlər bu yurdun deyən dilidi,

Döyünən nəbzidi, vuran əlidi.

Haqqı söyləyənə demə dəlidi,

Bir soruş, Ədalət Salman necədi?

 

ZƏMANƏ ADAMI OLA BİLMİRƏM

 

Qabağa getmək üçün gərək

zəmanə adamı olasan, yaltaqlıq,

məddahlq edəsən.

              Bir oxucu belə dedi

 

Tutub ətəyimdən çəkmə qabağa,

Mən çətin əyiləm yala, yalağa.

Sən deyən deyiləm, üz vurma qağa,

Zəmanə adamı ola bilmirəm.

 

Heç zaman olmadım nəfsimin qulu,

Sevmədim həyatda şöhrəti, pulu.

Tutmadım alçalıb yaşamaq yolu,

Zəmanə adamı ola bilmirəm.

 

Zəmanə adamı “atmağı” bilir,

Keçi qiymətinə satmağı bilir.

Əldən yox, ətəkdən tutmağı bilir,

Zəmanə adamı ola bilmirəm.

 

Zəmanə adamı günəbaxandı,

Yalandan özünü oda yaxandı.

Su kimi hər yana dönüb axandı,

Zəmanə adamı ola bilmirəm.

 

Atı bərk gedənin tərkinə minər,

Ayağın büdrəsə, atından enər.

Duz-çörək itirər, düşmənə dönər,

Zəmanə adamı ola bilmirəm.

 

Zəmanə adamı –saat kəfkiri,

Qulağın burdunmu, dovşan tək kirir.

Qapıdan qovursan, bacadan girir,

Zəmanə adamı ola bilmirəm.

 

Beləsin görəndə qalırsan çaş-baş,

Bir üzündə gülüş, bir üzündə yaş.

Gedənə yoldaşdı, gələnə qardaş,

Zəmanə adamı ola bilmirəm.

 

Bu dünya malına sanma əyiləm,

Heç vaxt vüqarımdan enən deyiləm.

Öz halal yolumdan dönən deyiləm,

Zəmanə adamı ola bilmirəm.

 

MƏNİM

 

Haqq sözün üstə əsirəm,

Əyrini düzlə kəsirəm.

Əl tutmağa tələsirəm,

Yamanlar haxlayır məni.

 

İçimi sökdükcə səbrim,

Əlimlə qazılır qəbrim.

İstəyirəm dinəm,

abrım,

Dilimi bağlayır mənim.

 

Zaman ömrü yun tək didir,

Dövran belə hara gedir?

Pislər tərki-dünya edir,

Yaxşılar saxlayır məni!

 

QORUYA BİLDİKMİ YAXŞILARI BİZ

 

Tarixdən almadıq bir ibrət dərsi,

Hey başa çıxartdıq biz düşmən kəsi.

Fürsət tapan kimi namərd gülləsi,

Qəfil köksümüzə tuşlanıb, qardaş.

 

Tor qurub felinə salanda iblis,

Qoruya bildikmi yaxşıları biz?

Həmişə təklənib yaxşılarımız,

Hadilər yurdunda daşlanıb, qardaş.

 

Haram tikə ilə böyüdüyündən,

Çoxları yan qaçdı el öyüdündən.

Böyüklük, kiçiklik itdiyi gündən,

Bizim faciəmiz başlanıb, qardaş!

 

 

TƏMİZ ADAMLAR

 

Təmizlik-təmiz ad, təmizlik-düzlük,

Təmizlik ucalıq, saflıq deməkdir.

Təmiz olmayanlar tamahkar, üzlü,

Nə vaxtsa həyatda büdrəyəcəkdir.

 

Təmizlər böyükdü sadəliyilə,

Səcdə eləyirəm təmizlərə mən.

Yediyi çörəyə, içdiyi suya

Təmiz adamlardı min “şükür” deyən.

 

Əyri olanlara ömür-gün haram,

Haqqım var düzlərdən mən düzlük umum.

Naqis qohumları qohum saymıram,

Təmiz adamlardı mənim qohumum.

 

Saxtalar görünər gündə min donda,

Alçala-alçala mənsəbə çatar.

Tamah çirkabında,var çirkabında,

Özündən xəbərsiz boğulub batar.

 

Arxalan həyatda düz olan kəsə,

Sənə lazım gəlsə, ömrün qıyacaq.

Bir əyri bilməyib yaxşılıq etsə,

Boynuna dağ boyda minnət qoyacaq.

 

Təmizlər mərd olar, baş əyməz yada,

Onlarla varlıyam, gözüm də toxdur.

Evinin dirəyi qızıl olsa da,

Pislərin yaşamaq haqqı ki yoxdur!

 

Mənim ümüd yerim-təmiz adamlar,

Təmiz olmayana kəsilləm qənim.

Həyatda nə qədər təmiz adam var,

Sanıram o qədər arxam var mənim.

 

HƏLƏ YAŞAYA BİLİRƏM            

 

Yaratmısan, mən də varam,

Qoy eyləyim sənə şükür.

Yaxşı-yaman dolanıram,

İlahi, bu günə şükür.

 

Yanımdan küləyin əsir,

Aldığım nəfəsə şükür.

Gözüm görür, ağlım kəsir,

Eşitdiyim səsə şükür.

 

Yeyirəm halal tikəni,

Şükür, içdiyim suya da.

Tamarzı qoymadın məni,

Çatdırdın çox arzuya da.

 

Durub bir yerə getməyə,

Şükür, bir cüt ayağım var.

Dar gündə dada yetməyə,

El-obam tək dayağım var.

 

Su içəndə quşcuğaz da,

Başını göyə qaldırır.

Bilmədiyin bir şey yoxdu,

Bilirsən niyə qaldırır.

 

Kaş təkcə sənə əyiləm,

Qarşında dağ da diz çökür.

Naşükür bəndə deyiləm,

Nə vermisən, buna şükür.

 

Öz yükümü öz çiynimdə

Dözüb daşıya bilirəm.

Şükür, kəfənim əynimdə

Hələ yaşaya bilirəm.

 

TƏRİF DEYƏCƏKSƏN ÖLƏNDƏN SONRA

 

Ey Vətən, mən sənə ögey deyiləm,

Niyə su qatırsan aşıma mənim?

Niyə istəyirsən sınam, əyiləm,

Niyə sədd çəkirsən qarşıma mənim?

 

Bir ömür yaşadım gözü, könlü tox,

Fəxri ad, mükafat umacağım yox.

Ayağım altını qazanlar nə çox,

Başların çırpırlar daşıma mənim!

 

Az qalır “bəlkə”lər ruhumu yora,

Haqsız mən oluram, haqq sora-sora.

Tərif deyəcəksən öləndən sonra,

Tac da qoyacaqsan başıma mənim!

 

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir