Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb – FOTO – VİDEO
“Mercedes-Benz” şirkətinin Azərbaycan təmsilçisinin oğlu, Almaniya vətəndaşı Vüsal Şilderin 13 il əvvəl Bakıda qətlə yetirilməsi ilə bağlı açılan cinayət işində təqsirləndirilən Xəyal Əli-Zadənin məhkəməsi başlayıb.
Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən ilk hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Xəyal Əli-Zadə barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin baxış iclası sentyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi 2013-cü il mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Almaniya vətəndaşı, “Mercedes-Benz” şirkətinin Azərbaycandakı təmsilçisinin oğlu Vüsal Şilder aldığı bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda ölüb. Əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıblar. Məhkəmənin qərarı ilə Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.


Binəqədi Rayon Məhkəməsinin hökmü ilə isə V.Şilderin ölümündən əvvəl ona planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən sabiq polis mayoru İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sunar 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar, Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.
Qətlin təşkilatçısı və sifarişçisi Xəyal Əli-Zadə hadisədən sonra beynəlxalq axtarışa verilib. Onun yeri illər sonra Birləşmiş Ərəb Əmirliklərində müəyyənləşdirilib. 2026-cı il aprelin 10-da onun Azərbaycana ekstradisiyası həyata keçirilib.
![]()
Average Rating