Azərbaycan mətbuatı inkişafın yeni mərhələsində 151 illik yol
Mətbuat – milli yaddaşın, ictimai fikrin və dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayan əsas təsisatdır. Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub. Cəmi 56 nömrəsi işıq üzü görməsinə baxmayaraq, “Əkinçi” xalqımızın maariflənməsinə, milli özünüdərkin möhkəmlənməsinə, ana dilimizin inkişafına və azad düşüncənin formalaşmasına misilsiz töhfə verib. Bu il Azərbaycan milli mətbuatının yaranmasının 151 ili tamam olur. Bu tarix yalnız jurnalistika sahəsinin deyil, bütövlükdə milli fikir tariximizin mühüm mərhələsidir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra media sahəsinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkədə söz və mətbuat azadlığının təmin olunması istiqamətində fundamental addımlar atıldı. Mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırıldı, Azərbaycan Konstitusiyasında söz və məlumat azadlığı təsbit edildi, 1998-ci ildə senzuranın ləğvi ilə bağlı tarixi qərar qəbul olundu. Bu addımlar milli medianın müstəqil və peşəkar inkişafı üçün möhkəm hüquqi zəmin formalaşdırdı.
Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə medianın inkişafına yönəlmiş konseptual islahatlar həyata keçirilib, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olunub, milli mətbuatın yubileyləri dövlət səviyyəsində geniş qeyd edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təsis olunması da dövlətin media sahəsinə verdiyi yüksək qiymətin növbəti ifadəsidir.
Son illərdə sürətlə dəyişən informasiya mühiti yeni yanaşmaların tətbiqini zəruri edib. Məhz bu baxımdan Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyinin yaradılması media islahatlarının mühüm mərhələsi oldu. Ardınca qəbul edilən “Media haqqında” Qanun ölkədə informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, media subyektlərinin iqtisadi dayanıqlığının artırılması və jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsi baxımından mühüm hüquqi baza formalaşdırdı.
Bu il iyulun 14-də qəbul edilən “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara dəyişikliklər isə media idarəçiliyinin daha çevik modelə keçidini nəzərdə tutur. Yeni dəyişikliklərə əsasən, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın bazasında vahid Media və Yayım Şurasının yaradılması planlaşdırılır. Bu yanaşma rəqəmsal dövrdə çap, onlayn və audiovizual media arasında sərhədlərin aradan qalxmasını, informasiya məkanının daha effektiv idarə olunmasını hədəfləyir.
Azərbaycan jurnalistləri təkcə informasiya istehsalçıları deyil, həm də dövlət maraqlarının müdafiəsində fəal iştirak edən peşə sahibləridir. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı media nümayəndələri cəbhə bölgəsində operativ məlumatlandırma missiyasını yüksək peşəkarlıqla yerinə yetirdilər, informasiya müharibəsində Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verdilər. Qarabağ uğrunda döyüşlərdə fərqlənən jurnalistlərin dövlət təltiflərinə layiq görülməsi də bu fəaliyyətə verilən yüksək qiymətin göstəricisidir.
Bu gün Azərbaycan mediası qlobal informasiya məkanının ayrılmaz hissəsinə çevrilib. Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu beynəlxalq media nümayəndələrinin, ekspertlərin və siyasətçilərin bir araya gəldiyi nüfuzlu platforma kimi dezinformasiyaya qarşı mübarizə, media dayanıqlılığı və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsində mühüm rol oynayır.
151 illik inkişaf yolu göstərir ki, Azərbaycan mətbuatı hər zaman xalqın maariflənməsinə, dövlətçiliyin möhkəmlənməsinə və milli maraqların müdafiəsinə xidmət edib. Əminəm ki, ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində milli mediamız bundan sonra da peşəkarlığını, obyektivliyini və cəmiyyət qarşısındakı məsuliyyətini qoruyaraq Azərbaycanın inkişafına mühüm töhfələr verməyə davam edəcək.
Malik Həsənov
Milli Məclisin deputatı
![]()
Average Rating