Azərbaycan Respublikası vətəndaşların bütün hüquq və azadıqlarının təmin olunduğu müasir demokratik və hüquqi dövlətdir. Azərbaycan dövləti vətəndaşlarına qarşı humanist mövqe nümayiş etdirir, onların cəmiyyət daxilində təhlükəsiz, əmin-amanlıq şəraitində yaşamaları, öz imkan və qabiliyyətlərindən səmərəli istifadə etmələrini daim diqqət mərkəzində saxlayır. Bu baxımdan, dövlət tərəfindən vətəndaşlara xüsusi qayğı göstərilir, qəbul olunan bütün qərarlarda vətəndaşların mənafeyi əsas götürülür. Sözsüz ki, sadalanan tədbirlər Azərbaycan Respublikasında dövlət quruculuğu prosesinin humanist istiqamətlərindən birini təşkil edir. Dövlətimizin humanizm siyasəti möhkəm əsaslara söykənir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim humanizm siyasətinə, insan hüquqlarının təmin olunmasına ciddi əhəmiyyət verib. Ulu Öndərin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanist fəaliyyət nəticəsində əfv və amnistiya təsisatları formalaşıb. Belə ki, 1995-ci ildə məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə o, Əfv Məsələləri üzrə Komissiya ilə əvəz olunub. Məhz Ümummilli Lider Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə 1998-ci ildə ölüm hökmü ləğv olunub və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi əsasında 1995-2003-cü illərdə 7 Amnistiya aktı qəbul edilib və 32 Əfv Fərmanı imzalanıb.
Ulu Öndərin humanizm siyasəti son 21 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu illər ərzində dövlət tərəfindən bu siyasətin tərkib hissəsi olan tədbirlər görülür. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk”, – deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahə ilə bilavasitə məşğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq olunsun. Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik”.
Ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir. Bu baxımdan cinayət törətmiş bir şəxsin cəmiyyətə yenidən qazandırılması, onun sosial münasibətlər sistemində iştirak etməsi üçün əlverişli şəraitin yaradılması dövlət quruculuğu prosesinin prioritet istiqamətlərindən birini təşkil edir.
Bu kontekstdə əfv fərman və sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbul olunması cəmiyyətimizdə, onun ictimai rəyində olduqca müsbət hadisə kimi qarşılanır və ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisəyə çevrilir. Ümumiləşdirici və birləşdirici funksiya yerinə yetirən bu addımların məhz dövlət başçısı tərəfindən atılması ümumi münasibətlər sistemində müsbət əhval-ruhiyyə yaratmaq baxımından əhəmiyyətlidir. Məsələnin ən mühüm tərəflərindən biri də əfvin Azərbaycan Prezidentinin siyasi iradəsi və xalqımızın humanist ənənələrinə söykənməsi əsasında baş tutmasıdır. Məhkum edilmiş şəxslər isə bu hadisəni öz səhvlərini bir daha təkrar etməmək üçün fürsət kimi görürlər. Bununla da əfv hadisəsi hüquqi cəzadan da artıq tərbiyəedici vasitəyə çevrilir.
Beləliklə, bu cür tədbirlər cəmiyyətin dayaqlarının güclənməsini təmin etməklə yanaşı, sosial münasibətlərin inkişafında xüsusi rol oynayır. Bu kontekstdə əfv sərəncamı, öz növbəsində, cəmiyyətdə dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirən bariz nümunə kimi qiymətləndirilir.
Ölkə başçısı tərəfindən ənənəvi olaraq imzalanan əfv sərəncamları Azərbaycan dövlətinin humanizm siyasətinin növbəti təzahürüdür.